AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO Naxçıvanda bir sıra görüşlər keçirib

Görüşlərdə Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların ixracının təşviqi və xarici investisiyaların cəlb edilməsi imkanları ilə bağlı fikir mübadiləsi aparılıb, AZPROMO-nun Naxçıvanda nümayəndəliyinin açılması məsələsi müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda bir sıra görüşlər keçirib.

Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, xatirəsi ehtiramla yad edilərək abidəsi önünə gül dəstələri düzülüb.

Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüş

Görüş zamanı Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsinin Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanmasına zəmin yaratdığını qeyd edib. Bildirilib ki, sahibkarlığın və ixracın stimullaşdırılması istiqamətində aktiv şəkildə tədbirlər görülür. Yerli məhsulların ixrac bazarlarında tanıdılması, regionun ixrac potensialının reallaşdırılması üçün AZPROMO ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvanın mühüm ixrac potensialını nəzərə alaraq, ixracın təşviqi mexanizmlərinin daha səmərəli tətbiq edilməsinin önəmini vurğulayıb. Naxçıvanda istehsal olunan məhsulların xarici bazarlarda rəqabətqabiliyyətinin artırılması məqsədilə logistika subsidiyalarının tətbiq edilməsinin muxtar respublikanın ixrac potensialının reallaşdırılmasına əhəmiyyətli töhfə verəcəyi bildirilib. 

Görüşdə AZPROMO ilə daha sıx və davamlı kommunikasiyanın qurulması məqsədilə Agentliyin Naxçıvanda nümayəndəliyinin açılmasına dair fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüş

Muxtar respublikanın iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanın ixrac coğrafiyasının genişləndirilməsi, sahibkarlara aktiv dəstəyin göstərilməsi, bu müstəvidə sahəvi görüşlərin keçirilməsi məsələlərini qeyd edib.  İxracın təşviqi məqsədilə AZPROMO ilə əməkdaşlıq çərçivəsində biznes planların tərtib olunması təklif olunub.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Naxçıvandan ixrac həcmlərinin artırılması üçün sahibkarların beynəlxalq sərgilərdə və ixrac missiyalarında iştirakı istiqamətdə Agentliyin özəl sektora dəstək göstərməyə hazır olduğunu qeyd edib. 

Görüşdə "Made in Azerbaijan" brendinin təşviqi mexanizmlərinin və logistikanın subsidiyalaşmasının tətbiq edilməsi üçün imkanlar müzakirə olunub. Tərəflər AZPROMO-nun Naxçıvanda nümayəndəliyinin yaradılması üzrə fikirlərini bölüşüblər.

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova ilə görüş

Görüşdə kənd təsərrüfatı nazirinin müavini Naxçıvanın perspektivli ixracyönümlü aqrar sahələri və əkinçilərin qarşılaşdıqları məsələlər haqqında məlumat verib, kənd təsərrüfatı məhsullarının xarici bazarlara ixracının təşviqi məqsədilə AZPROMO-nun göstərəcəyi dəstəklə bağlı məsələlər müzakirə edilib.

Muxtar respublikada fəaliyyət göstərən sahibkar və investorlarla görüş

İxrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla Naxçıvandan ixrac prosesi zamanı bütün mərhələlərdə müşahidə olunan əsas məsələlər müzakirə olunub, ixrac coğrafiyasının genişləndirilməsi barədə geniş müzakirələr aparılıb. Tədbirdə AZPROMO tərəfindən ixracın təşviqi mexanizmlərinə dair təqdimat nümayiş olunub, sahibkarlar və investorları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvanda fəaliyyət göstərən bir neçə istehsal müəssisəsi ilə tanışlıq olub.