AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Özbəkistan holdinqi ilə görüş keçirilib

Özbəkistanın "AKFA Group" holdinqinə daxil olan “Artel” şirkəti tərəfindən ölkəmizdə potensial investisiya layihələrinin reallaşdırılması perspektivləri və AZPROMO ilə əməkdaşlıq məsələləri müzakirə olunub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Mərkəzi Asiyanın ən iri holdinqlərindən biri olan Özbəkistanın "AKFA Group" şirkətlər qrupunun nümayəndələri ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti, investorlar və ixracatçılara  təklif olunan imtiyazlar, o cümlədən logistikanın subsidiyalaşması, vergi güzəştləri və hazırlıq mərhələsində olan digər stimullaşdırıcı mexanizmlər barədə məlumat verib.

"AKFA Group"un baş icraçı direktoru Bahadır Abdullayev ölkəmizdə xarici investorlar üçün yaradılmış şəraiti və inkişaf etmiş infrastrukturu qeyd edərək bildirib ki, konqlomerata daxil olan “Artel” şirkəti tərəfindən Azərbaycanda potensial investisiya layihələrinin reallaşdırılması çərçivəsində ilkin olaraq məişət texnikası istehsalı müəssisələrinin qurulmasında maraqlıdırlar.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin şirkətə dəstək göstərməyə hazır olduğunu vurğulayıb və gələcək əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikirlərini bölüşüb. Bu müstəvidə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.

Sonda "AKFA Group"un fəaliyyəti və icra etdiyi layihələr barədə qısa videoçarx nümayiş olunub.

Qeyd: Özündə tikinti materialları, məişət və elektrik məhsulları istehsalçılarını, eləcə də turizm, təhsil və tibb sektorunda fəaliyyət göstərən şirkətləri birləşdirən "AKFA Group" holdinqi Özbəkistanda alüminium və plastik profillərin ən böyük istehsalçısı və ixracatçısıdır. Bazarda 23 il fəaliyyət göstərən konqlomerat Azərbaycan da daxil olmaqla 2022-ci ildə 35 ölkəyə 210 mln. ABŞ dolları məbləğində ixrac əməliyyatları həyata keçirib.