Tatarıstan şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsi müzakirə olunub, sahibkarları maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tatarıstan şirkətlərinin Azərbaycana biznes missiyası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Rusiya Federasiyasının Tatarıstan Respublikasının sənaye və ticarət nazirinin müavini German Lernerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyəti "Ximqrad" Texnopolisi, eləcə də avtomobil, kimya sənayesi və aqrar texnologiyalar sahələrində fəaliyyət göstərən şirkətlər ilə təmsil olunub.
Nazir müavini German Lerner Tatarıstan və Azərbaycan arasında artan xətlə inkişaf edən iqtisadi-ticarət əlaqələrini qeyd edərək, müxtəlif formatlarda keçirilən görüşlərin və tədbirlərin biznes dairələr arasında əməkdaşlığın möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib. O, Azərbaycanla birgə reallaşdırılan layihələri yüksək qiymətləndirib və ikitərəfli investisiya əməkdaşlığının geniş perspektivlər vəd etdiyini vurğulayıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-logistika potensialı, o cümlədən dəstək mexanizmləri barədə məlumat verib. Ölkədə ticarət və sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası üzrə ümumi məlumat nümayəndə həyətinin diqqətinə çatdırılıb, Tatarıstan şirkətlərinin Azərbaycanda fəaliyyətlərinin genişləndirilməsinə AZPROMO-nun dəstək göstərməyə hazır olduğu bildirilib.
Görüşdə nümayəndə heyətinin sualları cavablandırılıb, şirkət nümayəndələrini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.