AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Pekində Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib

Forumda işgüzar dairələr arasında tərəfdaşlığın gücləndirilməsi, müxtəlif istiqamətlər üzrə birgə təşəbbüslərin həyata keçirilməsinin perspektivləri barədə müzakirələr aparılıb.

Pekində Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyi və Ticarət Nümayəndəliyi, Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının (CIECA) təşkilatçılığı ilə Azərbaycan-Çin İnvestisiya və Ticarət Forumu keçirilib. Tədbirdə iş adamları və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirin möhkəm və davamlı əlaqələri simvolizə edən platforma olduğunu, iqtisadi artım, ticarətin genişləndirilməsi və qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə etmək baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Azərbaycan-Çin münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi iqtisadi-ticarət əlaqələrinin də inkişafına geniş imkanlar açır. İki ölkə arasında müvafiq olaraq sərmayələrin təşviqi və qorunması və ikiqat vergitutmanın qarşısının alınması üzrə iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra sazişlər, həmçinin texniki-iqtisadi əməkdaşlığa dair sənədlər imzalanıb. Çin Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkələrimiz arasında səmərəli investisiya əməkdaşlığı həyata keçirilir. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. Bundan başqa, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində başlanan infrastruktur layihələrində iştirak üçün Çin şirkətləri müraciət edib. “Huawei” şirkəti isə artıq bu regionda “ağıllı kənd” və “ağıllı şəhər” layihələrində iştirak edir.

Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində də sıx əməkdaşlıq qurulub. Azərbaycan Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

İqtisadiyyat naziri Azərbaycanda iqtisadi islahatlar və artım barədə də məlumat verib. Qeyd olunub ki, bu illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Ötən il Azərbaycanda real ÜDM 4,6% artıb. Ölkəmizdə tətbiq edilən vergi güzəştləri, güzəştli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətə çatdırılıb. Azad edilmiş ərazilərimizdə vergi güzəştləri, sosial sığorta müavinətləri, təkmil investisiya təşviqi mexanizmləri, kommunal xidmətlər üzrə güzəştlər, əmək miqrasiyası kvotasının müəyyən edilməsi və sadələşdirilmiş iş prosedurlarını əhatə edən əlverişli şərtlər barədə məlumat verilib, Çin şirkətləri həmin ərazilərimizdəki layihələrdə fəal iştiraka dəvət edilib.

CIECA-nın prezidenti Qao Yuanyuan ölkələrimizin işgüzar dairələrinin tərəfdaşlığı genişləndirməsi üçün yaxşı perspektivlərin mövcudluğunu vurğulayıb, müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsindən danışıb. 

Çinin Kommersiya Nazirliyinin Xarici investisiyalar və iqtisadi əməkdaşlıq departamenti direktorunun müavini Xu Yuanjie, Çinin İşçi Komissiyasının katibinin müavini Li Qanq, “China Energy International Group Co., Ltd.” şirkətinin baş vitse-prezidenti Lin Xiaodan və digər Çin qurumlarının nümayəndələri Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ölkələrimizin investisiya imkanlarının qarşılıqlı tanıdılması və reallaşdırılması, “yaşıl” enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları və digər məsələlər barədə fikirlərini bildiriblər.

Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Ülvi Mansurov xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən tədbirlər, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə çıxış ediblər.