Görüşdə iki ölkənin işgüzar dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.
Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) Türkiyə-Azərbaycan İşgüzar Şurasının nümayəndə heyəti İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da görüş keçirib.
Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev və DEİK-in Türkiyə-Azərbaycan İşgüzar Şurasının sədri Kamal Koloğlu ölkələrimizin biznes dairələri arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, bu istiqamətində görülən işlər, birgə tədbirlərin həyata keçirilməsi imkanları kimi məsələləri müzakirə ediblər. Belə ki, tərəflər arasında bu ilin dekabr ayında Bakıda Azərbaycan-Türkiyə İnvestisiya və Maliyyə Forumunun, 2024-cü ildə AZPROMO tərəfindən Türkiyəyə ixrac missiyasının, həmçinin “Investment Roadshow” tədbirlərinin Türkiyədə təşkili, eləcə də gələcəkdə Azərbaycan-Türkiyə regionlararası forumunun keçirilməsi imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.