AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Bakıda ticarətdə qeyri-tarif maneələri mövzusunda tədbir keçirilib

Tədbirdə ticarət zamanı müəyyən olunan qeyri-tarif maneələrinin aradan qaldırılması məsələləri ətrafında müzakirələr aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Beynəlxalq Ticarət Mərkəzinin (BTM) birgə təşkilatçılığı ilə Bakıda “Ticarət zamanı qeyri-tarif maneələri və xidmət ticarətinin qaydaları ilə bağlı maraqlı tərəflərlə məsləhətləşmələr” adlı ikigünlük tədbir keçirilib. Tədbirdə Avropa İttifaqının (Aİ) təşəbbüsü olan “EU4Business" və BTM tərəfindən icra edilən Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası layihəsi çərçivəsində BTM tərəfindən Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə aparılan biznes sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün dəyirmi masa formatında interaktiv müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı layihənin ixraca dəstək baxımından əhəmiyyətini qeyd edib, platformanın potensial ixracatçılarımızın məhsullarının Aİ ölkələrinə ixracı zamanı üzləşdikləri əsas məsələlərinin həlli yollarının tapılmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Bildirilib ki, mövcud baryerlərin aradan qaldırılması istiqamətində intensiv işlər aparılır. Bu xüsusda ixracatçılara daha yüksək və keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə istifadəyə veriləcək madeinazerbaijan.gov.az elektron platforması, eləcə də təsdiqlənməsi gözlənilən Milli İxrac Strategiyasının yerli sahibkarlar üçün ticarətin asanlaşdırılması perspektivləri haqqında məlumat verilib.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva müəyyən edilən ticarət maneələrinin aradan qaldırılması və istifadə olunmayan imkanların araşdırılmasının vacibliyini vurğulayıb, sözügedən layihəni yüksək qiymətləndirib.

Tədbir zamanı keçirilən birinci dəyirmi masada ticarətdə daxili qaydaların sadələşdirilməsi və ticarət prosedurlarının optimallaşdırılması, ikinci dəyirmi masa çəçrivəsində isə ticarətdə texniki tələblər, keyfiyyət standartları və qiymətləndirmələrə uyğunluğun təkmilləşdirilməsi məsələləri müzakirə olunub.