Budapeştdə təşkil olunan "Invest in Azerbaijan" adlı tədbirdə ölkəmizin investisiya mühiti, sənaye zonaları və aqroparklar, işğaldan azad edilmiş ərazilərin bərpası, xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər və s. təqdim olunub.
Macarıstanın paytaxtı Budapeşt şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi, Azərbaycanın Polşa Respublikasında fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Macarıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "Invest in Azerbaijan" tədbiri keçirilib. Tədbirin təşkilinə Macarıstan tərəfindən Macarıstanın İxracın Təşviqi Agentliyi (HEPA) dəstək göstərib.
Tədbirdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri cənab Tahir Tağı-zadə, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibinin müavini xanım Katalin Bihari, HEPA-nın, Türk Dövlətləri Təşkilatının Ofisinin nümayəndələri, həmçinin Macarıstanın FMCG, tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, konsaltinq xidmətləri, logistika və digər sektorlarda fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.
Tədbir zamanı ticarət nümayəndəsi aparatının əməkdaşları tərəfindən Azərbaycanın investisiya mühiti, Azərbaycan-Macarıstan xarici ticarət əlaqələri, Azərbaycandakı sənaye zonaları və aqroparklar, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və xarici investorlar üçün yaradılmış imkanlar, tətbiq edilən güzəştlər, ölkəmizin tranzit və logistika üstünlükləri, www.invest.gov.az veb-səhifəsi haqqında geniş təqdimatlar edilib, iştirakçıların sualları cavablandırılıb. Azərbaycanda xarici investorlar üçün yaradılmış geniş imkanlar qonaqlar tərəfindən maraqla qarşılanıb, gələcək əməkdaşlıq üçün müvafiq müraciətlərin ediləcəyi bildirilib.