AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Tacikistan biznes forumu keçirilib

Bakıda təşkil edilən Azərbaycan-Tacikistan biznes forumunda ölkələrimizin biznes və investisiya mühiti barədə məlumat verilib, ikitərəfli sənədlər imzalanıb, B2B formatda görüşlər olub.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Bakıda Azərbaycan-Tacikistan biznes forumu keçirilib.

Biznes forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, dövlətlərimizin rəhbərlərinin siyasi iradəsi və dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf etməsində mühüm rol oynayır. Ölkələrimiz istər ikitərəfli və çoxtərəfli formatda, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərir. Tacikistanla iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. 2024-cü ilin yanvar-aprel ayları ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 78% artıb. Bu göstəricinin daha da yüksəldilməsi üçün geniş imkanlar var. Bununla yanaşı, yüngül sənaye, kimya sənayesi, dağ-mədən sənayesi və digər istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi üçün potensial böyükdür.

Forumda Azərbaycanın əlverişli işgüzar mühiti, nəqliyyat-logistika potensialı, işğaldan azad edilmiş ərazilərimizdə, sənaye parklarında sərmayədarlar üçün yaradılan imkanlar, həyata keçirilən layihələr barədə məlumat verilib, həmçinin bu ilin noyabrında ölkəmizdə keçiriləcək COP29 çərçivəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb, tacikistanlı həmkarlar və iş adamları fəal tərəfdaşlığa dəvət olunub.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ölkələrimizin biznes qurumlarının iştirakı ilə keçirilən bu cür forum və tədbirlərin işgüzar dairələr arasında səmərəli işbirliyinin qurulması baxımından əhəmiyyətini qeyd edib, Azərbaycanla iqtisadi-ticarət münasibətləri və investisiya tərəfdaşlığının inkişaf etdirilməsi haqqında fikirlərini bildirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Sulton Raximzoda, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistan Respublikası Hökuməti yanında İxrac Agentliyinin direktoru Baxriddin Sirocidinzoda Azərbaycan və Tacikistanın biznes və investisiya mühiti, işbirliyinin müvafiq istiqamətlər üzrə inkişaf etdirilməsi imkanları və istiqamətləri barədə çıxış ediblər.  

Tədbirdə həmçinin ölkələrimizin investisiya imkanlarına dair təqdimatlar olub.

Forumda iki ölkənin müvafiq qurumları və sahibkarlıq subyektləri arasında birgə təşəbbüslərin reallaşdırılmasını, sənaye, kənd təsərrüfatı, investisiya, turizm və s. sahələrdə əməkdaşlığı nəzərdə tutan sənədlər imzalanıb.

Tədbir çərçivəsində B2B formatda görüşlər keçirilib.

Tacikistanın sənaye və yeni texnologiyalar naziri ilə görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir ilə görüşüb. Görüşdə qeyd olunub ki, ali və yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüş və tədbirlər, işgüzar əlaqələr ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın yüksələn xətlə inkişaf etməsində mühüm rol oynayır. Bildirilib ki, Tacikistanla energetika, alüminium sənayesinin inkişafı, aqrar, tekstil sahələrində birgə fəaliyyətin dəstəklənməsi əhəmiyyət kəsb edir.

Görüşdə ikitərəfli iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi imkanları nəzərdən keçirilib.