AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın investisiya potensialı Avstriyada təqdim olunub

Vyanada təşkil olunan "Invest in Azerbaijan" adlı tədbirdə ölkəmizin biznes imkanları və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərin bərpası və s. təqdim olunub.

Avstriyanın paytaxtı Vyana şəhərində İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan-Avstriya Ticarət Palatası, Avstriya Ticarət Palatası (WKO) və Avstriya Sənaye Palatasının dəstəyi, Azərbaycanın Polşa Respublikasında fəaliyyət göstərən Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi aparatı və Azərbaycanın Avstriya Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə "Invest in Azerbaijan" tədbiri keçirilib.

Tədbir zamanı Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli və Azərbaycan-Avstriyanın Ticarət Palatasının Prezidenti Cerald Gestbayer salamlama nitqi ilə çıxış edib, Azərbaycan-Avstriya xarici ticarət əlaqələri və perspektivli əməkdaşlıq istiqamətləri haqqında danışıblar. Azərbaycanın Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsi Nemət Nağdəliyev və ticarət nümayəndəsinin Aparatının əməkdaşı tərəfindən Azərbaycanın biznes imkanları və investisiya mühiti, sənaye parkları və aqroparklar, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, ölkəmizin tranzit və logistika potensialı, www.invest.gov.az veb-səhifəsi barədə təqdimatlar təşkil olunmuş, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Avstriyanın tikinti, müxtəlif maşın və avadanlıqların istehsalı, bərpa olunan enerji, kənd təsərrüfatı və kimya sənayesi sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.