AZPROMO-nun Brüsselə işgüzar səfəri çərçivəsində Azərbaycanın investisiya və ticarət potensialı avropalı iş adamlarına təqdim olunub, yerli qurumlar ilə bir sıra görüşlər keçirilib.
Belçikanın paytaxtı Brüssel şəhərində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Belçikadakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanın Biznes Üfüqlərinin Kəşf Edilməsi” adlı tədbirdə 80-dən çox tikinti, kimya, səhiyyə, alternativ enerji, konsaltinq, maliyyə, logistika, ticarət, qida və təhsil sektorlarında fəaliyyət göstərən Belçika və Lüksemburqu təmsil edən şirkət nümayəndələri ölkəmizin münbit işgüzar iqlimi ilə tanış olublar.
Tədbirdə Azərbaycanın Belçika və Lüksemburqda fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda ölkəmizin Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov Azərbaycanın Belçika və ümumiyyətlə Avropa İttifaqı ilə əlaqələrinin dinamik inkişafını qeyd edərək, avropalı iş adamlarını ölkəmizə investisiya yatırmağa dəvət edib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkəmizin əlverişli investisiya mühiti, ixrac və nəqliyyat-logistika potensialı, həmçinin xüsusi iqtisadi zonalar, işğaldan azad edilmiş ərazilərimizdə təklif olunan imtiyazlar, sərmayədarlar üçün yaradılan imkanlar barədə təqdimatla çıxış edib, iş adamlarını maraqlandıran sualları cavablandırıb.
Belçikanın investisiyaların və ticarətin təşviqi qurumları ilə görüşlər keçirilib
Səfər çərçivəsində Valloniya regionunun İxrac və Xarici İnvestisiyalar Agentliyinin Avropa departamentinin rəhbəri Yves Riçard, Flandriyanın İnvestisiyalar və Ticarət Qurumunun (FIT) Biznesin idarə olunması və əməliyyatlar departamentinin rəhbəri Pyet Demunter, o cümlədən Brüssel Biznesə Dəstək Agentliyinin (“hub.brussels”) icraçı direktorunun müavini Annelor İsak ilə görüşlər keçirilib. Görüşlərdə AZPROMO ilə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı ixrac və alıcı missiyalarının təşkili üzrə potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verərək, qarşılıqlı faydalı tərəfdaşlığın qurulmasının vacibliyini vurğulayıb.