Ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin intensivləşdirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Rusiyanın Sankt-Peterburq şəhərində XXVII Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF’24) çərçivəsində “Rusiya – Azərbaycan” biznes dialoqu təşkil olunub.
Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin cari vəziyyəti, ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişafı perspektivlərinə dair müzakirələrdə iştirak edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirib ki, bu ilin yanvar ayında imzalanan 2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi ölkələrimizin ticarət, investisiya, nəqliyyat, sənaye, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji və digər sahələrdə yeni birgə layihələrin reallaşdırılması üçün möhkəm zəmin yaradır. Qeyd edilib ki, bərpa olunan enerji və turizm sektorlarında istifadə olunmayan mühüm tərəfdaşlıq potensialı mövcud əlaqələri genişləndirə bilər.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, ölkələr arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsi iqtisadi əməkdaşlığın mövcud gündəliyini əhəmiyyətli dərəcədə genişləndirib. Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç isə illər ərzində Azərbaycan və Rusiya arasında qurulan çoxsahəli investisiya tərəfdaşlığını qeyd edərək, qeyri-ənənəvi sektorlarda, o cümlədən bərpa olunan enerji sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya və Azərbaycan arasında nəqliyyat və beynəlxalq daşımalar sektorunda göstəricilərin artan dinamikasının məmnunluq doğurduğunu ifadə edib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib, KOB-ların dəstəklənməsi tədbirləri, o cümlədən bu sahədə Rusiya ilə aparılan təcrübə mübadiləsi haqqında danışıb.