Tədbirdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, birgə investisiya imkanlarının qiymətləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, tərəfdaşlığın genişləndirilməsi məqsədi ilə iş adamlarına hər iki ölkədə yaradılmış biznes və investisiya imkanları ilə bağlı təqdimatlar nümayiş olunub.
Podqoritsa şəhərində Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin birgə təşkilatçılığı ilə Monteneqro-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, turizm, tikinti, sənaye, kosmetika, qida, içki, logistika, İT sahələrini təmsil edən şirkət nümayəndələri iştirak edib.
Forumda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkələrimiz arasında əlaqələrin dostluq və əməkdaşlıq ruhunda daim inkişaf etməkdə olduğunu, yüksək səviyyəli qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun əlaqələrimizin gələcək inkişafı üçün mühüm önəmini qeyd edib. Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğunu bildirən nazir, ölkələrimizin enerji və nəqliyyat sektorlarında, eləcə də ticarət sahəsində mühüm istifadə olunmamış əməkdaşlıq potensialının mövcudluğunu vurğulayıb.
Tədbirdə Monteneqro Hökumətinin iqtisadi siyasət üzrə Baş nazirinin müavini, iqtisadi inkişaf naziri Nik Celoşay ölkələr arasında ticarət dövriyyəsinin artırılmasının əsas məqsədlərdən olduğunu diqqətə çatdırıb. Bu prosesdə təşkil olunan biznes forumların rolu qeyd edilib. Baş nazirin müavini turizm, nəqliyyat-logistika və kənd təsərrüfatı sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivlərini yüksək qiymətləndirib.
Biznes forumda AZPROMO, Monteneqro İqtisadiyyat Palatası və Monteneqro İnvestisiya Agentliyinin nümayəndələri tərəfindən ölkələrin investisiya mühiti, o cümlədən ölkələrdə reallaşdırılan perspektivli layihələrə dair təqdimatlar keçirilib. Forum B2B formatda görüşlər ilə davam edib.