Bakıda 13-14 noyabr 2024-cü il tarixlərində keçirilməsi planlaşdırılan “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” tədbiri COP29 Sədrliyi və BMT-nin COP29 İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə birlikdə təşkil olunan əsas tədbirdir.
COP28-də ilk Biznes və Filantropiya Forumunun uğuruna əsaslanaraq “COP29 Biznes, İnvestisiya və Filantropiya İqlim Platforması” iqlim dəyişikliklərinin azaldılması, onlara uyğunlaşma və təbiətin qorunması sahəsində geniş miqyaslı qlobal fəaliyyətə təkan verməyə davam edəcəkdir. Platforma noyabrın 13-ü axşam Dünya Liderləri Sammitinin ikinci günündə təntənəli şam yeməyi ilə başlayacaq və 14 noyabr Maliyyə, Ticarət və İnvestisiya tematik günündə keçiriləcək sessiyalar ilə davam edəcək.
İqlim dəyişikliyi ilə mübarizə üçün biznes, maliyyə və xeyriyyəçilik əməkdaşlığına əsaslanan ümumi sosial yanaşma tələb olunur. Ona görə də bu tədbirin tərəfdaşlarımız olan Asiya Filantropiya Müəssisəsi Şəbəkəsi (AVPN), Bil və Melinda Qeyts Fondu, Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Qlobal İqlim Fəaliyyəti üzrə Mərakeş Tərəfdaşlığı, Dayanıqlı Bazarlar Təşəbbüsü (SMI), Dayanıqlı İnkişaf üzrə Dünya Biznes Şurası (WBCSD), Dünya İqtisadi Forumu (WEF) və "XPRIZE" fondu ilə birlikdə keçirilməsindən çox şadıq.
Platforma müxtəlif sektor liderlərinin bir araya gəlməsi və məqsədyönlü tədbirlər görməsi üçün mühüm fürsətdir. Keçid prosesini təşviq edən vasitə kimi maliyyəyə xüsusi diqqət yetirərək, biz həm Paris Sazişini, həm də 2030-cu il üzrə Dayanıqlı İnkişaf Gündəliyini dəstəkləyən iqlim həllərini sürətləndirmək üçün yollar yaradırıq. Bu, planetimizin gələcəyinə necə sərmayə qoyduğumuzu yenidən müəyyənləşdirən cəsarətli əməkdaşlıqlar üçün məqamdır.
Tədbirin proqramı ilə bu link vasitəsilə tanış olmaq olar. Bu platformada iştirak etmək istəyənlər isə bizimlə businessplatform@cop29.az elektron poçt ünvanı ilə əlaqə saxlaya bilər.