İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə İxracatçılar Klubunun Naxçıvan Muxtar Respublikasında sahibkarlarla görüşü keçirilib.
Qida, kənd təsərrüfatı, tikinti, sənaye və digər sahələrdə fəaliyyət göstərən 25-ə yaxın sahibkarın iştirakı ilə keçirilən iclasda İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov “Made in Azerbaijan” brendinin təşviqi, Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması, ixracın və istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidentinin 5 oktyabr 2016-ci il Fərmanı ilə təsdiq edilmiş “Made in Azerbaijan” brendinin təşviq mexanizmləri özəl bölmənin inkişafına dövlət dəstəyinin daha bir nümunəsi olmaqla, bu sahənin inkişafında xüsusi əhəmiyyət kəsb edir, Fərmanın icrasına yönəlmiş tədbirlər sahibkarlar üçün yeni imkanlar yaradır. İxracatçılar Klubunun fəaliyyəti barədə danışan Zöhrab Qədirov iş adamlarını kluba üzv olmağa, həmçinin klubun ixracatçılar üçün yaratdığı imkanlardan faydalanmağa dəvət edib.
Sonda “Made in Azerbaijan” brendinin təşviqi mexanizmləri, eləcə də İxarcatçılar Klubunun fəaliyyəti bardə sahibkarları maraqlandıran suallar cavablandırılıb.