AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Moskva Hökumətinin nümayəndə heyəti Bakıda səfərdə olub

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin dəvəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilati dəstəyi ilə Moskva Hökumətinin Ticarət və Xidmətlər Departamenti rəhbərinin müavini Denis Kostornoyun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda işgüzar səfərdə olub.
Səfər Azərbaycan məhsullarının Moskvada satışının bundan sonrakı imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Səfər zamanı bir sıra Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşlər keçirilib, həmçinin öz məhsullarını Rusiya bazarlarına çıxarmaqda maraqlı olan azərbaycanlı istehsalçıların iştirakı ilə dəyirmi masa təşkil edilib.
Səfər çərçivəsində keçirilən dəyirmi masada nümayəndə heyətinin üzvləri Moskvada həyata keçən geniş festival proqramı barədə, həmçinin Heydər Əliyev Fondu tərəfindən 2018-ci ilin oktyabrında Moskvanın Tverskaya meydanında təşkil edilən “Azərbaycanın payız nemətləri” festivalının yekunları barədə danışıblar. Festivalın ən mühüm praktik nəticələrindən biri Azərbaycanın Ticarət Nümayəndəliyi tərəfindən Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsinin icrasına başlanmasıdır. Vurğulanıb ki, “Azərbaycanın payız nemətləri” festivalının hər il keçiriləcəyi barədə qərar qəbul edilib və artıq cari ilin sentyabrında növbəti festivalın təşkil edilməsinə hazırlıqlar başlanılıb.
Azərbaycan sahibkarlarına, həmçinin Moskvada daimi fəaliyyət göstərən regional və regionlararası yarmarkalar, onların öz məhsullarını satması məqsədilə istifadə edə biləcəkləri imkanlar barədə ətraflı məlumat verilib.
Görüş iştirakçıları Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi tərəfindən əlaqələndiriləcək görüşləri davam etdirmək barədə razılığa gəliblər.
Gərgin iş rejiminə baxmayaraq, nümayəndə heyətinin üzvləri Bakının görməli yerlərində - Heydər Əliyev Mərkəzində, Azərbaycan Xalça Muzeyində, atəşpərəstlər məbədi - “Atəşgah”da olub, İçərişəhəri gəziblər.