İyunun 11-də Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə “Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər zamanı ticari-iqtisadi əlaqələr” mövzusunda videokonfrans keçirilib.
Azərbaycanın Ukraynadakı və Ukraynanın Azərbaycandakı səfirlərinin, dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi videokonfransda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları müzakirə olunub.
Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov Ukrayna-Azərbaycan iqtisadi əlaqələri barədə danışıb, videokonfransda aparılan müzakirələrin iş adamları arasında yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində rolunu vurğulayıb.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ölkəmizdə qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən islahatlar, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların cəlb edilməsinin təşviqi ilə bağlı görülən işlər barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan tədbirləri, bu sahədə Agentliyin fəaliyyətini, eləcə də KOB sahəsində Ukraynanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Videokonfransda iqtisadi əlaqələrin daha da genişləndirilməsi, işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.