Aprelin 12-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan İsveçrə iş adamları ilə görüş keçirilmişdir.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın iqtisadi uğurları, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat vermiş, Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu qeyd edərək İsveçrədən olan iş adamlarını əməkdaşlığa dəvət etmişdir. Rüfət Məmmədov həmçinin, AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
Görüş zamanı Azərbaycanın mövcud və potensial investisiya imkanları barədə müzakirələr aparılmış, İsveçrə iş adamlarını bu sahədə maraqlandıran suallar cavablandırılmış, AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.