AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İxrac-idxal məhsullarının sərgisinə dair təqdimat keçirilmişdir

İyulun 4-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Çin Xalq Respublikasının Quanjao şəhərində keçiriləcək 114-cü ixrac-idxal məhsullarının sərgisinə dair təqdimat keçirilmişdir. Tədbirdə Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak etmişdir.

Tədbirdən əvvəl ixrac-idxal məhsullarının sərgisinə dair videoçarx nümayiş etdirilmişdir.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan mənşəli məhsulların tanıdılması, sahibkarların xarici əlaqələrinin genişləndirilməsində iş adamlarının beynəlxalq sərgilərdə iştirakının əhəmiyyətini vurğulamış, AZPROMO tərəfindən bu istiqamətdə görülən işlər barədə danışmış, milli şirkətlərin beynəlxalq sərgilərdə iştirakına bundan sonra da dəstək veriləcəyini bildirmişdir.
Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hong Jiuyin Azərbaycanla Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirmiş, əməkdaşlığın daha da genişləndirilməsi üçün iş adamlarını potensial imkanlardan faydalanmağa dəvət etmişdir. Biznes forum, işgüzar görüş və sərgilərin keçirilməsində Çinin böyük təcrübəyə malik olduğunu bildirən səfir Hong Jiuyin azərbaycanlı iş adamlarının Quanjao şəhərində keçiriləcək 114-cü ixrac-idxal məhsullarının sərgisində iştirakının hər iki ölkə sahibkarları üçün əhəmiyyətli olacağını vurğulamışdır.
Çinin Xarici Ticarət Mərkəzinin prezidenti Vanq Runşenq tədbir iştirakçılarına bu ilin oktyabrında Çinin Quanjao şəhərində keçiriləcək sərgi haqqında ətraflı məlumat vermiş, sərgidə iştirak etmək istəyən şirkətlər üçün tələb olunan şərtlər, qeydiyyat qaydaları və iştirakçılar üçün zəruri prosedurları diqqətə çatdırmış, sahibkarları maraqlandıran sualları cavablandırmışdır.