Mayın 7-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) Bakıda səfərdə olan Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nazir müavini Marius Fransmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Görüşdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar, əlverişli biznes və investisiya mühiti, ölkəmizin iştirakçısı olduğu irimiqyaslı regional layihələr və AZPROMO-nun fəaliyyəti barədə məlumat vermişdir.
Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nazir müavini Marius Fransman Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, CAR və Azərbaycan arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu vurğulamışdır.
Görüş zamanı Azərbaycanın investisiya imkanları barədə müzakirələr aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmış və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilmişdir.