İunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin və Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiya tərəfindən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak etmişlər. Ümumilikdə, foruma hər iki ölkədən 700-dən çox iştirakçı qatılmışdır.
Tədbirdən əvvəl V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə əklil qoymuşlar.
Forum iştirakçıları Heydər Əliyev adına Konqres Mərkəzində təşkil edilmiş sərgi ilə də tanış olmuşlar. Sərgidə Azərbaycan və Rusiyanın iqtisadi göstəricilərinə və ölkələrimiz arasındakı əlaqələrə dair müxtəlif məlumatlar və çap materialları nümayiş olunur.
Sonra V Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi myəsələlər şöbəsinin müdiri Əli Həsənov və Rusiya Federasiyası Prezidentinin Xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov dövlət başçılarının forum iştirakçılarına təbrik məktublarını oxumuşdur. Rusiya Federasiyasının Prezident Administrasiyasının rəhbəri Sergey İvanovun forum iştirakçılarına ünvanladığı təbrik məktubu da diqqətə çatdırılmışdır.
Forumda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qonaqları Azərbaycanın qədim paytaxtı və dilbər güşələrindən olan Qəbələdə salamlayaraq, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd etmişdir. Ölkələrimiz arasında əlaqələrin inkişafında artıq beşinci dəfədir ki, keçirilən forum formatına görə, nəinki MDB məkanında, hətta dünya miqyasında uğurlu əməkdaşlıq nümunəsidir. Qeyd edilmişdir ki, dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli siyasi və iqtisadi münasibətlərin inkişafına böyük önəm verdiyini göstərir. Ölkələrimiz arasında möhkəm müqavilə-hüquqi baza yaradılmışdır. Azərbaycan və Rusiya arasında iqtisadi sahədə 40-dan çox, ümumilikdə isə 160-dan artıq sənəd imzalanmışdır. Nazir Şahin Mustafayev çıxışında ikitərəfli iqtisadi əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın uğurlu fəaliyyətini qeyd etmiş, ticarət, qarşılıqlı investisiya qoyuluşu barədə məlumat vermişdir.
2013-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 10,5% artmışdır. Bu gün Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 1,8 mlrd. ABŞ dolları həcmində investisiya yatırılmışdır. Azərbaycan şirkətləri də Rusiya regionlarında uğurla fəaliyyət göstərir. Son 10 ildə Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox investisiya qoyulmuşdur. Son 5 ildə Azərbaycan və Rusiya iş adamlarının iştirakı ilə 34 biznes forum, dəyirmi masa və işgüzar görüşlər keçirilmişdir. Humanitar sahədə iki ölkə arasında əlaqələrdən danışan iqtisadiyyat və sənaye naziri Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin inkişafında Heydər Əliyev Fondunun və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətinin xüsusilə vurğulamışdır.
Azərbaycan Rusiyanın federal subyektləri ilə də fəal əməkdaşlıq edir. Təkcə 2014-ci ilin ötən dövründə Rusiyanın Stavropol, Sverdlovsk və Ulyanovsk vilayətlərinin nümayəndə heyətləri ölkəmizə səfər etmişdir. Rusiya Federasiyasının 4 subyekti ilə Hökumətlərarası Komissiya yaradılmış, 15 subyekti ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni sahədə əməkdaşlığa dair sazişlər imzalanmışdır. Bununla belə, Azərbaycan və Rusiya arasında əlaqələrin daha da inkişafı üçün böyük potensial var.
Nazir Şahin Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə də məlumat vermişdir. Cənubi Qafqaz iqtisadiyyatının 75%-i Azərbaycanın payına düşür. Azərbaycan əksər regional layihələrin əsas təşəbbüskarı və fəal iştirakçısıdır. Təəssüf ki, Ermənistanın Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi regionun potensialının tam reallaşdırılmasına imkan vermir, dünya və regionun stabilliyi üçün ciddi təhdiddir.Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayev çıxışında Azərbaycan və Rusiya arasında regionlararası forumun keçirilməsi ənənəsinin hər iki ölkənin dövlət başçıları tərəfindən irəli sürüldüyünü qeyd etmişdir. Regional inkişafın iqtisadi tərəqqinin lokomotivi olduğunu vurğulayan cənab Slyunyayev növbəti forumun qədim tarixə malik Qəbələ şəhərində keçirilməsinin əhəmiyyətini diqqətə çatdırmış, tədbirin ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafına töhfə verəcəyini, Azərbaycan-Rusiya əlaqələri üçün yeni imkanlar yaradacağını vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycan-Rusiya əməkdaşlığı iqtisadiyyatın müxtəlif sahələrini, eləcə də humanitar sahəni əhatə edir. Ölkələrimiz arasında ticarət əlaqələri dinamik inkişaf edir, Azərbaycan iş adamları Rusiyada, Rusiya iş adamları ölkəmizdə uğurla fəaliyyət göstərirlər, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilir.Azərbaycan Respublikasının Rusiyadakı səfiri Polad Bülbüloğlu və Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin ölkələrimiz arasındakı əməkdaşlıq barədə məlumat vermişlər. Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təmsil etdikləri rayonlar, Azərbaycan regionları ilə Rusiyanın subyektləri arasındakı sıx əlaqələr, eləcə də forumun regional əməkdaşlığın inkişafındakı əhəmiyyəti barədə danışmışlar.
Qəbələnin Qafqazın mənəvi mərkəzi olduğunu qeyd edən Rusiya Federasiyasının Dağıstan Respublikasının prezidenti Ramazan Abdulatipov Azərbaycan və Rusiya regionları arasında əlaqələrin əhəmiyyətini vurğulamış, Azərbaycanın sürətlə inkişaf etdiyini və ölkəmizlə əməkdaşlığın daha da inkişafı üçün geniş imkanların olduğunu bildirmişdir.Stavropol diyarının qubernatoru vəzifəsini icra edən Vladimir Vladimirov Rusiya və Azərbaycan regionları arasında müxtəlif sahələrdə mövcud əlaqələr və əməkdaşlıq perspektivləri barədə məlumat vermişdir. Sonra Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Rusiya Federasiyasının regional inkişaf naziri İqor Slyunyayevin iştirakı ilə mətbuat konfransı keçirilmiş, nazirlər KİV nümayəndələrinin suallarını cavablandırmışlar.
Həmin gün V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan və Rusiya arasında humanitar, energetika, nəqliyyat və investisiya sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçirilmişdir.
Azərbaycan və Rusiya arasında energetika sahəsində əməkdaşlığa dair Dəyirmi Masada hər iki ölkəni təmsil edən müvafiq dövlət qurumlarının, elmi-tədqiqat müəssisələrinin, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərin, o cümlədən Azərbaycan tərəfindən ARDNŞ, "Azərenerji", "Bakıelektrikşəbəkə", "Azneftkimyamaş" ASC, Rusiya tərəfindən "NAİR", "SVAP ballast boru kəmərləri", "İjmetmaş", "Qazprombank", "İNTRA TUL" kimi şirkətlərin nümayəndələri iştirak etmişlər. Tədbirdə hər iki ölkənin energetika sistemi və onun inkişaf perspektivləri barədə hazırlanmış təqdimatlar iştirakçıların diqqətinə çatdırılmış, energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmişdir.
Dövlət və özəl sektoru təmsil edən nümayəndələrin iştirakı ilə keçirilmiş nəqliyyat sahəsində əməkdaşlığa dair Dəyirmi Masada dəmir yolu, hava, dəniz və avtomobil nəqliyyatı, yol təsərrüfatı sahəsində əlaqələr və əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
Humanitar sahə üzrə Dəyirmi Masada hər iki ölkənin humanitar sahədə təcrübəsini və bu sahədə qazanılmış uğurları əks etdirən təqdimatlar keçirilmiş, əməkdaşlığın genişləndirilməsi perspektivləri və istiqamətləri müzakirə olunmuşdur. Dəyirmi Masada elm və təhsil müəssisələrinin, eləcə də mərkəzi icra hakimiyyətlərinin və humanitar sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişdir.
"İnvestisiya sahəsində əməkdaşlıq. Nəticələr, imkanlar, perspektivlər" Dəyirmi Masasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin və iş adamlarının çıxışları dinlənilmiş, AZPROMO və Rusiyanın Milli İnvestisiya Agentliyi tərəfindən Azərbaycanda və Rusiyada biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilmiş, hər iki ölkənin şirkətləri bir sıra investisiya layihələrinə dair məlumatlar vermiş, Azərbaycan İnvestisiya Şirkəti, Sumqayıt Kimya Sənaye Parkı və Rusiyanın müxtəlif regionlarının təqdimatları keçirilmiş, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunmuşdur. Dəyirmi masada Rusiya Federasiyasının İnquşetiya Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə AZPROMO arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Sənədi AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və İnquşetiya Respublikasının iqtisadi inkişaf naziri Yusup Zurabov imzalamışlar.
Sonra V Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Rusiya nümayəndə heyəti İsmayıllı rayonunun İvanovka kəndində olmuşdur. Burada qonaqlar duz-çörəklə qarşılanmış, onlara İvanovkanın tarixi, mədəniyyəti və sakinlərin əsas məşğuliyyət sahələri barədə məlumat verilmiş, İvanovka Folklor Ansamblı tərəfindən Azərbaycan və rus dillərində mahnılar səsləndirilmişdir. Qonaqlar həmçinin, Qəbələ heyvandarlıq kompleksi və Qəbələ piano zavodu ilə tanış olmuşlar.
Qeyd edək ki, V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində iyunun 22-də Qəbələdə Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev ilə görüşmüşdür. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan Azərbaycan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulamışdır. Qeyd edilmişdir ki, ölkələrimiz arasında iqtisadi sahədə də əməkdaşlıq genişlənir. Azərbaycan və Rusiya arasında möhkəm müqavilə-hüquqi baza yaradılmışdır. Ticarət, qarşılıqlı investisiya qoyuluşu və humanitar sahələrdə iki ölkə arasında əlaqələr uğurla davam edir. Azərbaycan Rusiyanın subyektləri ilə fəal əməkdaşlıq edir. Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini qeyd edən nazir Şahin Mustafayev Qəbələdə keçirilən forumun əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır.
Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev qonaqpərvərliyə görə təşəkkür etmiş, V Azərbaycan-Rusiya Regionlararası Forumunda Rusiya Federasiyasının geniştərkibli nümayəndə heyəti ilə təmsil olunduğunu qeyd etmişdir. Forumda Rusiyanın 25 subyektinin və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirak etdiyini bildirən cənab Slunyayev tədbirin regional əlaqələrin inkişafına, Azərbaycan-Rusiya işgüzar tərəfdaşlığının genişlənməsinə yeni perspektivlər açacağına əminliyini ifadə etmişdir.
Görüşdə Azərbaycan və Rusiya regionları arasında əməkdaşlıq imkanları, kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.
V Azərbaycan-Rusiya Regionlararası Forumu iyunun 24-də də öz işini davam etdirəcək. Həmin gün Azərbaycan və Rusiya arasında kənd təsərrüfatı, turizm, bank işi, sahibkarlıq sahəsində əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair dəyirmi masalar keçiriləcək, əməkdaşlığa dair sənədlər imzalanacaqdır.
Qeyd: Azərbaycan və Rusiya arasında regionlararası forum 2011-ci ildən etibarən keçirilir. Bu ilki forumun devizi "Regionlararası əməkdaşlıq: yeni inkişaf imkanları"dır.