18 dekabr 2017-ci il tarixində Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil edilmiş ixrac missiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 3-7 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərinə və 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə ixrac missiyaları təşkil edilib.
Dubay şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, quru meyvə, konservləşdirilmiş məhsullar, ət və ət məhsulları, bal, çay, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib.
Missiya çərçivəsində meyvə-tərəvəz istehsalı və ixracı sahəsində fəaliyyət göstərən şirkətlərimiz Yaxın Şərq ölkələrində ən iri meyvə-tərəvəz sərgisi olan "WOP Dubai"da da iştirak ediblər. Sərgi çərçivəsində "Azərbaycanın meyvə-tərəvəz məhsularının ixrac potensialı" mövzusunda seminar keçirilib. Seminarda xarici sahibkarlara rəqabətqabiliyyətli və ixracyönümlü məhsullarımız, "Made in Azerbaijan" brendinin təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər barədə məlumat verilib, ixrac missiyasında iştirak edən şirkətlərin fəaliyyətlər barədə təqdimatlar keçirilib. Sərgidə Azərbaycan məhsulları nümayiş olunub. Meyvə-tərəvəz məhsullarımız tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və Azərbaycan meyvələrinin Hindistana ixracına dair razılıq əldə edilib.
Mətbuat konfransında diqqətə çatdırılıb ki, 6-8 dekabr tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərinə təşkil olunmuş ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə şirələri, quru meyvə, konserləşdirilmiş məhsullar, bal, çay, ət və süd məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.
İxrac missiyası çərçivəsində sahibkarlar AZPROMO-nun və Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki nümayəndəsinin birgə təşkilatçılığı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak ediblər. Görüşlərdə yerli məhsullarımız barədə məlumat verilib, məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.
Görüşlərdə Azərbaycan məhsullarına, xüsusi ilə bal, ət və süd məhsullarına böyük maraq göstərilib. İkitərfəli görüşlər zamanı Azərbaycanın "Kerkom" şirkəti Azərbaycan balının, "Aqro-MTS" şirkəti isə ət məhsullarının Səudiyyə Ərəbistanına ixracı ilə bağlı bir neçə distributor şirkətləri ilə danışıqlara başlayıblar. "Milk-Pro" şirkəti isə "Sunbulah Group" distributor şirkəti ilə süd məhsullarının ixracına dair danışıqlar aparır.
İxrac missiyaslarıı çərçivəsində missiya iştirakçıları həmçinin, bazar və iri marketlər şəbəkələrində olublar.
Mətbuat konfransında həmçinin, 2018-ci ildə nəzərdə tutulan “Made in Azerbaijan” brendinin təşviqi tədbirləri barədə də məlumat verilib.