İyunun 6-da Mingəçevirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.
"Sənayedə brendləşmə", "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularını əhatə edən treninqdə əmtəə və ticarət brendinin mahiyyəti və məzmunu, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.
Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, və www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilmişdir.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.