Yanvarın 24-də Cənubi Afrika Respublikasının Keyp-Taun şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) İdarəetmə Komitəsinin növbəti iclası keçirilmişdir. İclas zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatda aktiv fəaliyyəti, təşkilatın inkişafı üçün verdiyi töhfə və onun üzvləri arasında yüksək nüfuza malik olması nəzərə alınaraq İdarəetmə Komitəsinin qərarı ilə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov WAIPA-nın vitse-prezidenti seçilmişdir.
Qeyd: WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalara kömək üzrə strategiyanın formalaşmasında yardımın göstərilməsidir. Artıq 3 ildir ki, AZPROMO WAIPA-nın İdarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktordur.