13-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində İnvestisiyaların Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının və İdarəetmə Komitəsinin növbəti iclası və XIX İllik Dünya İnvestisiya Konfransı keçirilmişdir.
İclasda təşkilatın qərargahının İstanbul şəhərində yerləşdirilməsi məsələsinin müzakirəsi ilə yanaşı, təşkilatın İdarəetmə Komitəsi və Daimi Katibliyi tərəfindən hazırlanmış yeni strategiya, eləcə də yeni strategiyanın həyata keçirilməsi üzrə ilkin Tədbirlər Planı təqdim olunmuşdur.
Bundan əlavə, 2012-ci ilin 11 sentyabr tarixində Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkiyə Yüksək Strateji Əməkdaşlıq Şurasının iclası zamanı hər iki ölkənin dövlət başçıları tərəfindən imzalanmış Protokola uyğun olaraq, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Türkiyə Respublikasının Baş naziri yanında İnvestisiyaya Dəstək və Təşviq Agentliyi (İSPAT) arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumunun imzalanmışdır.
Qeyd: WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 162 ölkədən 244 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsidir. Artıq 3 ildir ki, AZPROMO WAIPA-nın İdarəetmə Komitəsində Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə direktordur və bu ilin yanvar ayında İdarəetmə Komitəsinin qərarı ilə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov WAIPA-nın vitse-prezidenti seçilmişdir.