Qətər Ticarət və Sənaye Palatası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında videokonfrans formatında işgüzar görüş keçirilib.
Görüşdə hər iki tərəfdən tikinti, sənaye, qida, kənd təsərrüfatı, neft-qaz və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin 70-dən çox nümayəndəsi iştirak edib.
Tədbirdə Qətər Ticarət və Sənaye Palatası sədrinin birinci müavini Məhəmməd Əhməd Tvar Əl-Kuvari Qətər-Azərbaycan iqtisadi əlaqələrin genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin əhəmiyyətini vurğulayıb, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, bu sahədə işgüzar görüşlərin rolunu qeyd edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, AZPROMO ilə Qətər Ticarət və Sənaye Palatası arasında əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşunu artırmaq üçün birgə səylər ilə bağlı fikirlərini bildirib, Qətər iş adamlarını ölkəmizdə yaradılmış əlverişli iqtisadi mühitdən yararlanmağa dəvət edib.
Görüş çərçivəsində iş adamlarının ikitərəfli görüşləri təşkil olunub.