Azərbaycan və Tacikistanın dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının perspektivləri, qarşılıqlı ixrac və investisiya potensialının artırılması müzakirə olunub.
Videokonfrans formatında keçirilən işgüzar görüşdə iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Azərbaycan-Tacikistan arasındakı qarşılıqlı hörmət və dostluq prinsiplərinin ölkələrimiz arasında tarixi və mədəni yaxınlığa əsaslandığını, iqtisadi əlaqələrin inkişaf etdiyini, keçirilən görüşlərin əhəmiyyətini qeyd edib, ticarət, investisiya, kənd təsərrüfatı və s. sahələrdə əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. İşğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən işləri və yeni investisiya imkanlarını diqqətə çatdıran nazir müavini Azərbaycan və Tacikistan arasında yeni müstəvidə əməkdaşlığın genişləndirilməsi üçün zəmin yarandığını qeyd edib.
Tacikistanın xarici işlər nazirinin müavini Şərəf Şeralizoda ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Tacikistan şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işləri ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Tacikistan iqtisadi əməkdaşlığının inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, Tacikistanın ölkəmizdəki səfiri Rüstəm Solinın də iştirak etdiyi görüşdə iqtisadi-ticarət əlaqələri, ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası üzrə əməkdaşlıq, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının investisiya imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.