AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycanın investisiya imkanları Koreyada təqdim olunub

Koreya Respublikasının paytaxtı Seul şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin və Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) birgə təşkilatçılığı ilə “Azərbaycan - Koreya Ticarət və İnvestisiya Forumu: Qarabağa Böyük Qayıdış: azad olunmuş ərazilərin investisiya potensialı, cari və planlaşdırılmış layihələr” mövzusunda tədbir keçirilib. Tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti, ticarət, təhsil və digər sahələri təmsil edən 50-dən çox Koreya şirkəti iştirak edib.

Forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkəmizin Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən KITA ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanda 70-dən çox Koreya şirkətinin fəaliyyət göstərdiyini qeyd edib.

Nazir müavini Azərbaycanın milli sosial-iqtisadi prioritetləri, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirlərinə və dünya iqtisadiyyatına inteqrasiyası baxımından görülən işləri diqqətə çatdırıb, Koreya şirkətlərini Azərbaycanın əlverişli işgüzar mühitindən yararlanmağa, fəal əməkdaşlığa, işğaldan azad olunmuş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak etməyə dəvət edib.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov son illər iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndiyini, əlaqələrin dərinləşməsində qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib, Azərbaycanın Vətən müharibəsində qazandığı böyük Zəfəri diqqətə çatdıran səfir bu tarixi hadisənin Azərbaycan üçün, bütünlükdə region üçün yeni reallıqlar, yeni iqtisadi imkanlar yaratdığını vurğulayıb.

KITA-nın icraçı vitse-prezidenti Seunq Kvan Şin Azərbaycan-Koreya arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb, KITA və Azərbaycanın müvafiq qurumları ilə tərəfdaşlığın inkişafının önəmini diqqətə çatdırıb.  

İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov işğaldan azad olunmuş ərazilərimizin iqtisadi dirçəlişi, bərpa-quruculuq işləri, reallaşdırılan layihələr, AZPROMO-nun rəhbəri Yusif Abdullayev ölkəmizdə xarici investisiyaların cəlbi istiqamətində həyata keçirilən islahatlar, investorlar üçün yaradılmış əlverişli investisiya mühiti barədə təqdimatlarla çıxış ediblər.

Tədbirdə həmçinin, Ələt Azad İqtisadi Zonasının ticarət, nəqliyyat-logistika imkanları və Azərbaycanda reallaşdırılan investisiya layihələrinə dair təqdimat keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə KITA arasında investisiya və biznes əlaqələrinin genişləndirilməsi mövzusunda ikitərəfli görüş keçirilib.