AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan-Misir biznes forumu keçirilib

Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Misir biznes forumu keçirilib.

Forumda hər iki ölkədən kənd təsərrüfatı, qida sənayesi, tibb, tikinti, informasiya texnologiyaları, maliyyə və digər sahələri təmsil edən 50-dən çox şirkət nümayəndəsi iştirak edib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri, Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Rəşad Nəbiyev biznes forumun işgüzar dairələr arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb, iş adamlarını fəal müzakirələrə dəvət edib.

Komissiyanın Misir tərəfindən həmsədri, Misir Ərəb Respublikasının beynəlxalq əməkdaşlıq naziri xanım Rania Əl-Məşət ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanları, Azərbaycan-Misir iqtisadi-ticarət əlaqələrinin genişlənməsində belə tədbirlərin önəmini diqqətə çatdırıb.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev təmsil etdiyi qurumun fəaliyyəti, xarici tərəfdaşlarla qarşılıqlı əlaqələrin genişləndirilməsi, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi istiqamətində AZPROMO tərəfindən görülən işlər barədə məlumat verib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov biznes forumun iş adamları arasında əməkdaşlığın təşviqi üçün əlverişli platforma olduğunu, Agentliyin biznes nümayəndələri arasında birgə təşəbbüsləri dəstəkləməyə hazır olduğunu vurğulayıb, KOBİA-nın fəaliyyəti, iş adamlarına göstərdiyi dəstək və xidmətlər barədə danışıb.

Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov İqtisadi Zonada görülən işlər, logistika imkanları barədə məlumat verib.  

Forumda Azərbaycanda və Misirdə yaradılmış investisiya mühiti barədə təqdimatlar edilib.

Biznes forum iş adamları arasında əlaqələrin genişdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti və Misir Ərəb Respublikası Hökuməti arasında iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu gün keçirilən 5-ci iclası çərçivəsində AZPROMO ilə Misir Ərəb Respublikasının Sənaye və Ticarət Nazirliyi arasında qarşılıqlı investisiya və ticarət əməkdaşlığının inkişafı, birgə müəssisələrin təşkili istiqamətində səylərin birləşdirilməsi məqsədilə Biznes Şurasının yaradılması, həmçinin AZPROMO ilə Misir İş Adamları Assosiasiyası (EBA) arasında iqtisadi sferada ticarət, investisiya və texnologiya sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üzrə əməkdaşlıq sənədləri imzalanmışdır.