AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İqtisadiyyat Nazirliyində sahibkarlarla görüş keçirilib

İqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlərin öyrənilməsi, onların aradan qaldırılması məqsədilə biznes assosiasiyaları ilə görüşlərin keçirilməsi davam etdirilir.

Aprelin 11-də iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə görüşüb. Tədbirdə İqtisadiyyat Nazirliyinin  aidiyyəti strukturlarının rəhbərləri və Assosiasiyaya üzv sahibkarlar iştirak ediblər.

İqtisadiyyat naziri digər sahələrlə yanaşı, müasir standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan asılılığın azaldılmasının da əsas prioritetlərdən olduğunu bildirib. Ölkəmizdə sənaye və kənd təsərrüfatının inkişafının, istehsal və emalın artmasının, ixrac imkanlarının genişlənməsinin, dünya bazarında rəqabətin güclənməsinin qablaşdırma sənayesinin yeni texnologiyalara əsaslanmaqla təkmilləşdirilməsini zəruri etdiyini diqqətə çatdıran nazir sənayenin bu sahəsində yerli istehsalın genişləndirilməsi, idxaldan asılılığın azaldılması istiqamətində görülən işləri, dövlət dəstəyi tədbirlərini qeyd edib.

İqtisadiyyat naziri sahibkarların qarşılaşdıqları məsələlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində işlərin sistemli şəkildə davam etdiriləcəyini vurğulayıb, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.

“Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Kamran Hacızadə qurumun fəaliyyəti barədə məlumat verib, qablaşdırma sənayesində istehsalın və keyfiyyətin artırılması üçün həyata keçirilməli olan tədbirlərlə bağlı təkliflərini bildirib, görüşün dövlət-biznes dialoqu çərçivəsində həyata keçirilən tədbirlərin davamı olduğunu, sektorda mövcud vəziyyətin dəyərləndirilməsi, bu sahədə atılacaq addımların müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb.

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb.