Bakıda Niderland Krallığının Azərbaycandakı Səfirliyinin dəstəyi, "SABAH" beynəlxalq qeyri-hökumət humanitar təşkilatı və Azərbaycan İş Adamlarının Qlobal Assosiasiyasının (GABA) birgə təşkilatçılığı ilə "Art of Women’s Business" beynəlxalq festivalı keçirilib. Tədbirdə 70-dən çox iş adamı iştirak edib.
Tədbirin tərəfdaşları qismində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) çıxış ediblər. Bu qurumların nümayəndələri tədbirin açılış mərasimində çıxış edərək, ölkəmizdə sahibkarlığa, o cümlədən qadın sahibkarlığına göstərilən dəstək mexanizmləri, bu sahədə təmsil etdikləri qurumların gördüyü işlər barədə məlumat veriblər.
Festival çərçivəsində Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş festivalda geniş çeşiddə uşaq məhsulları, aksesuarlar, oyuncaqlar, kosmetika, kitablar nümayiş etdirilib, "Qadın sahibkarlığının inkişafı imkanları" mövzusunda təlim keçirilib, rəssamlıq və fotoçəkiliş üzrə master-klasslar, həmçinin "food zona" və əyləncə proqramı təşkil olunub.
Qeyd edək ki, Azərbaycanda qadın sahibkarlığının inkişafına həsr olunmuş "Art of Women's Business" beynəlxalq festivalın əsas məqsədi aztəminatlı ailələrdən olan qadınlara, şəhidlərin ailə üzvlərinə və qazilərə dəstək verməkdir.