İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycanın Koreyadakı Səfirliyinin birgə dəstəyi ilə yerli məhsullarımız Seulda keçirilən "Import Goods Fair 2022" beynəlxalq sərgisində təqdim olunub.
Sərgidə iştirak edən AZPROMO nümayəndələri yerli şirkətlərlə Azərbaycan məhsullarının Koreyada daha çox tanıdılması və ticarət əlaqələrinin artırılması məqsədilə bir sıra görüşlər keçirib, ölkəmizin ixrac potensiallı məhsulları barədə məlumat veriblər.
AZPROMO nümayəndələri həmçinin, Koreya İdxalçılar Assosiasiyasının (KOIMA) beynəlxalq əlaqələr üzrə direktoru Kvak Yunseok, eləcə də Koreya Beynəlxalq Ticarət Assosiasiyasının (KITA) "World Trade Academy" Təlim Mərkəzinin əməkdaşları ilə görüşüblər. Görüşlərdə qarşılıqlı ticarət əlaqələrinin genişləndirilməsi, birgə təlim və tədbirlərin təşkili, İxrac Akademiyasının təkmilləşdirilməsi və "World Trade Academy"nin təcrübəsinin öyrənilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.