İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki Ticarət Nümayəndəsinin Aparatının və Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının təşkilatçılığı ilə Çinin Pekin şəhərində Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisi (CIFTIS) çərçivəsində “Azərbaycan - İnvestisiya və Ticarət İmkanları” forumu keçirilib. Tədbirdə iş adamları və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.
Forumda Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, iqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Tamerlan Tağıyev Azərbaycan-Çin iqtisadi əlaqələri, ölkəmizin əlverişli investisiya mühiti, yerli məhsullarımızın Çinə ixracının genişləndirilməsi imkanları haqqında məlumat verib, birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər.
Çin Xalq Respublikasının Kommersiya Nazirliyinin rəsmisi Vu Pencü, Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Qao Yuanyuan, Çin Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının Avrasiya Tədqiqat İnstitutunun direktoru Lyu Huaçin, Çin Sənayesinin Xarici İnkişaf Assosiasiyasının baş katibinin müavini Can Honq, Azərbaycan Şərabçılığının (Çin) Təşviqat Mərkəzinin direktoru Huan Yüton, Azərbaycan Turizm Bürosunun Çin üzrə nümayəndəsi Eko Cao Çin şirkətlərinin Azərbaycandan olan tərəfdaşları ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb, əlaqələrin inkişafı imkanlarını qeyd ediblər.
Forum çərçivəsində “Made in Azerbaijan” brendinin keyfiyyətli və rəqabətqabiliyyətli qida və içki məhsulları və ölkəmizin turizm potensialı barədə təqdimatlar keçirilib.
Tədbirdə əməkdaşlığın inkişafı barədə müzakirələr aparılıb və Çin şirkətlərininin nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.