Əbu-Dabidə keçirilən 12-ci İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunan sərgidə "Invest in Azerbaijan" stendi ilə çıxış edən Azərbaycanın investisiya potensialı nümayiş olunub.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində 12-ci İllik İnvestisiya Toplantısı (Annual Investment Meeting – AİM) keçirilib. Toplantı çərçivəsində Azərbaycanın investisiya imkanlarına dair təqdimat keçirilib. Rəsmi şəxslərin, iş adamları və investorların iştirak etdiyi Azərbaycanın ölkə təqdimatında İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri tərəfindən ölkəmizin investisiya imkanları, sahibkarlara dəstək göstərən qurumların fəaliyyəti, iqtisadi zonalarda yaradılmış əlverişli şərait və turizm potensialına dair məlumat verilib.
Eyni zamanda, Azərbaycan sözügedən toplantı çərçivəsində təşkil olunmuş sərgidə "Invest in Azerbaijan" stendi ilə təmsil olunub. AZPROMO və KOBİA-nın birgə təşkilatçılığı ilə stendimizdə Azərbaycan iqtisadiyyatına, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühitinə dair məlumatlar yerləşdirilib. Ölkə stendində həmçinin işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə məlumat verilib, Ələt Azad İqtisadi Zonasında yaradılmış imkanlar, Dövlət Turizm Agentliyi tərəfindən ölkəmizin turizm potensialı təqdim edilib.
Qeyd edək ki, 2011-ci ildən etibarən hər il keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmi şəxsləri, iş adamlarını, investorları bir araya gətirən İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır.