AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Tbilisidə Gürcüstan-Azərbaycan biznes forumu keçirilib

Forumda dövlət rəsmiləri, sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, kosmetologiya, İKT və tekstil sahələrində fəaliyyət göstərən şirkət nümayəndələri iştirak edib. Tədbirdə iki ölkənin dövlət qurumları arasında sənədlər imzalanıb.

 

Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Gürcüstan–Azərbaycan biznes forumu keçirilib. Tədbirdə dövlət rəsmiləri ilə yanaşı, hər iki ölkədən sənaye, tikinti, logistika, qida sənayesi, kənd təsərrüfatı, maliyyə, turizm, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

 

Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, bununla belə əməkdaşlığın genişləndirilməsi üçün potensialın böyük olduğunu bildirib, hər iki ölkənin iştirakı ilə həyata keçirilən layihələrin bölgədə sülh və sabitliyə xidmət etdiyini vurğulayıb. Biznes forumun əhəmiyyətindən danışan nazir Levan Davitaşvili tədbirin yeni təşəbbüs və istiqamətlərin müəyyənləşdirilməsi üçün əlverişli platforma olduğunu qeyd edib, müzakirələrin biznes əlaqələrinin genişləndirilməsi üçün faydalı olacağını vurğulayıb.

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanla Gürcüstan arasında siyasi-iqtisadi əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri və mühüm rolunu vurğulayıb, Ulu Öndərin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində iki ölkə arasında təməli qoyulan strateji tərəfdaşlığın bu gün də inkişaf etdiyini diqqətə çatdırıb.

 

Tədbirdə Azərbaycan və Gürcüstanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədi ilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları vurğulanıb. Bu xüsusda, Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyəti qeyd olunub. İqtisadiyyat naziri sənaye, ticarət, investisiya, alternativ və bərpa olunan enerji, turizm və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını, hər iki tərəfin müvafiq qurumlarının bu yöndə fəaliyyətinin önəmini diqqətə çatdırıb.

 

Biznes forumda Azərbaycanın əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizdə investorlar üçün yaradılan imkanlar, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının tranzit potensialı barədə məlumat verilib, Gürcüstandan olan iş adamları fəal əməkdaşlığa dəvət edilib.

 

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ölkəmizdə yaradılan investisiya mühitinin xarici sərmayədarlar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

 

Tədbirdə həmçinin Gürcüstan Ticarət və Sənaye Palatasının prezidenti Giorgi Pertaya iki ölkənin aidiyyəti qurumları və işgüzar dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlərə dair çıxış edib.

 

Forum çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə Gürcüstanın Ədliyyə Nazirliyi yanında Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair, eləcə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Biznes Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

 

Tədbir çərçivəsində hər iki ölkənin investisiya potensialına dair təqdimatlar, sahibkarlar arasında B2B görüşlər keçirilib.