Görüşdə AZPROMO-nun AZEBİ-yə lazımi dəstək tədbirlərinin göstərilməsi, eləcə də praktiki nəticələrə nail olmaq üçün bu cür görüşlərin mütəmadi keçirilməsinə dair ilkin razılıq əldə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev Tbilisidə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri ilə görüşüb.
Görüş zamanı Yusif Abdullayev AZPROMO-nun fəaliyyəti haqqında məlumat verib, AZEBİ kimi qurumların Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verdiyini bildirib və praktiki nəticələrin əldə olunması üçün bu cür görüşlərin daha geniş tərkibdə keçirilməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, AZPROMO AZEBİ-nin üzvlərinə yerli məhsullarımızın Gürcüstanda “Made in Azerbaijan” milli brendi adı altında çıxarılmasına, sahələr üzrə iki şirkətin əlaqələndiricisi qismində, eləcə də digər lazımi dəstək tədbirləri göstərməyə hazırdır.
Görüşdə həmçinin AZEBİ-nin üzvlərinin qarşılaşdıqları məsələlərə və onların aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb, sahibkarların sualları cavablandırılıb. Analoji görüşlərin mütəmadi keçirilməsinə dair ilkin razılıq əldə olunub.