Qeyri-neft ixracının artırılması və investisiyalarının təşviqi sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. İİB Qrupunun üzvü olan ICIEC ilə Anlaşma Memorandumunun imzalanması razılaşdırılıb.
İslam İnkişaf Bankı (İİB) Qrupunun missiyasının Azərbaycana işgüzar səfəri çərçivəsində İxracın və İnvestisiyaları Təşviqi Agentliyində – AZPROMO-da görüş keçirilib.
Görüş zamanı AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın və investisiyaların təşviqi mexanizmləri, o cümlədən Milli İxrac Strategiyasının təsdiqlənməsi və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar haqqında məlumat verib. Bildirilib ki, ixracatçılara göstərilən dəstək tədbirləri çərçivəsində müxtəlif beynəlxalq və xarici qurumlar, xüsusilə İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) və Türkiyənin aidiyyəti qurumları ilə sıx tərəfdaşlıq əlaqələri qurulub. Bununla yanaşı, Yusif Abdullayev hazırda AZPROMO tərəfindən ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması istiqamətində işlərin aparıldığını qeyd edib.
İİB-nin Qrupuna daxil olan İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) Asiya regionu üzrə Biznesin inkişafı departamentinin meneceri Oğuz Aktuna təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək diqqətə çatdırıb ki, Azərbaycandan ixracın və ölkəyə birbaşa xarici investisiya axınının stimullaşdırılması məqsədilə Korporasiya ölkə ilə müxtəlif sahələrdə – dövlət-özəl tərəfdaşlığı, nəqliyyat-logistika, telekommunikasiya, səhiyyə və təhsil sektorlarında, eləcə də sığorta və təkrarsığorta həllərinin təqdim edilməsi üzrə əməkdaşlıq edə bilər.
Görüşdə gələcək əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi üçün ICIEC və AZPROMO arasında Anlaşma Memorandumunun imzalanması razılaşdırılıb.