AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Hindistan səfiri AZPROMO-da olub

Görüşdə Azərbaycan və Hindistan arasında qeyri-neft sektorunda qarşılıqlı ticarət və investisiya imkanlarının reallaşdırılması perspektivləri müzakirə olunub.

 

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Hindistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhanan ilə görüş keçirilib.

 

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən "Made in Azerbaijan" brendi və logistikanın subsidiyalaşması barədə məlumat verib. Agentliyin müxtəlif beynəlxalq qurumlar, xüsusilə İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyası (WAIPA) ilə mövcud sıx tərəfdaşlıq əlaqələrini qeyd edən Yusif Abdullayev, bu ilin noyabr ayında Hindistanın paytaxtı Yeni Dehlidə baş tutacaq WAIPA-nın 2023-2025-ci illər üçün İdarəetmə Komitəsinin seçkilərində Agentliyin iştirak edəcəyini və bu fürsətdən istifadə edərək Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyətinin Hindistana səfərinin təşkil edilməsinin iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsinə və yeni investisiya imkanlarının öyrənilməsinə xidmət edəcəyini bildirib.

 

Səfir Sridharan Madhusudhanan Hindistanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olmasını qeyd edib və bildirib ki, qarşılıqlı iqtisadi-ticarət tərəfdaşlığının genişlənməsi üçün böyük potensial mövcuddur. Səfir qeyri-neft ticarəti, investisiyalar, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrindəki əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirib.

 

Turizm sektoru haqqında bəhs edən səfir Sridharan Madhusudhanan ölkəmizə səfər edən hindistanlı turistlərin sayının artdığını diqqətə çatdırıb, bu tendensiyanın sahibkar olan turistlərin Azərbaycandakı biznes təşəbbüslərinə cəlb edilməsi baxımından əhəmiyyətini vurğulayıb.