AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Qazaxıstan səfiri ilə görüş keçirilib

Qazaxıstanla qeyri-neft ixracının artırılması və ictimai iaşə sahəsində investisiya əməkdaşlığının genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qazaxıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüş keçirilib.

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən logistikanın subsidiyalaşması və tətbiqi gözlənilən digər mexanizmlər barədə məlumat verib. Agentlik tərəfindən ölkəmizdə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması üzrə işlərin aparıldığı vurğulanıb. Yusif Abdullayev ixracın təşviqi çərçivəsində Qazaxıstana təşkil olunan ixrac missiyaları, Qazaxıstanda keçirilən sərgilərdə vahid ölkə stendi ilə iştirak edən yerli sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə AZPROMO-nun xarici ölkələrdə nümayəndəliklərinin yaradılması Agentliyin gələcək planlarına daxildir.

Alim Bayel Azərbaycan və Qazaxıstan arasında artan xətlə inkişaf edən iqtisadi-ticarət əlaqələrini qeyd edib, ölkəmizdən Qazaxıstana qeyri-neft ixracının artırılmasının perspektivlərini yüksək qiymətləndirib. İnvestisiya əməkdaşlığı çərçivəsində səfir Qazaxıstan səhmdarları tərəfindən konkret təkliflərin mövcud olduğunu bildirib. Görüşdə səfir tərəfindən təqdim olunan ictimai iaşə sahəsində investisiya layihəsi müzakirə olunub, məlumat mübadiləsinin aparılması və müvafiq məkanın müəyyənləşdirilməsi ilə bağlı birgə işlərin görülməsinə dair razılıq əldə olunub.