AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Özbəkistanın əczaçılıq şirkətləri ilə görüşlər keçirilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə Özbəkistanın əczaçılıq sahəsində fəaliyyət göstərən şirkətlərinin təmsilçiləri ilə İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və AZPROMO-nun nümayəndələri arasında bir sıra görüşlər keçirilib. Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin sədrinin müşaviri Xilola Qaniyevanın rəhbərlik etdiyi Özbəkistan nümayəndə heyəti 10 şirkət ilə təmsil olunub.

İZİA ilə görüş

Görüşdə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları, o cümlədən Pirallahı sənaye parkında yaradılan əlverişli investisiya şəraiti haqqında məlumat verərək, əczaçılıq sahəsində birgə layihələrin reallaşdırılması üçün Agentliyin dəstək göstərməyə hazır olduğunu bildirib. Ölkədə Özbəkistanın əczaçılıq şirkətlərinin fəaliyyətinin lokallaşdırılmasına dair uğurlu əməkdaşlıq nümunələri diqqətə çatdırılıb.

Özbəkistanın Əczaçılıq Sənayesinin İnkişafı Agentliyinin sədrinin müşaviri Xilola Qaniyeva Özbəkistanın əczaçılıq sektoru və sahənin prioritet istiqamətləri barədə məlumat verib. Azərbaycanla əczaçılıq sahəsində əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən Xilola Qaniyeva, əczaçılıq sahəsində istehsal ilə yanaşı, elm və təhsil istiqamətlərində də tərəfdaşlıqda maraqlı olduqlarını bildirib.

Səhiyyə Nazirliyi ilə görüş

Görüşdə Azərbaycanda əczaçılıq sahəsini tənzimləyən qanunvericilik normaları haqqında ümumi məlumat nümayəndə həyətinin diqqətinə çatdırılıb, şirkət nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə Özbəkistanın əczaçılıq şirkətləri və istehsal etdikləri dərman vasitələri haqqında məlumat verilib. Sonda “Tashkent Pharma Park” Elmi Tədqiqat İstehsalat Əczaçılıq Klasteri haqqında təqdimat iştirakçılara nümayiş olunub. 

AZPROMO ilə görüş

Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Ölkələr arasında əczaçılıq sektorunda əməkdaşlıq potensialının effektiv reallaşdırılması üçün AZPROMO tərəfindən əlaqələndirmə işlərində dəstəyin göstərilməsinə dair razılıq əldə edilib.