Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə tərəfdaşlığın genişləndirilməsi və əməkdaşlıq sazişinin imzalanmasına dair fikir mübadiləsi aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası ilə onlayn görüş keçirib.
Görüşdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən bu ay AZPROMO-nun nümayəndələrinin İspaniya Krallığına planlaşdırılan işgüzar səfəri zamanı qarşıya qoyulmuş hədəflər barədə məlumat verib. İspaniya şirkətlərinin Azərbaycan iqtisadiyyatında daha aktiv iştirakının vacibliyi vurğulanıb və bu istiqamətdə İspaniyada ölkəmizin investisiya layihələrinin təqdimatının ("Investment Roadshow") keçirilməsi təklif olunub.
Madrid Palatasının baş direktorunun müavini Elza Yansen investisiya əlaqələrinin genişləndirilməsi baxımından "Investment Roadshow" tədbirinin perspektivlərini yüksək qiymətləndirib. Palatanın AZPROMO-nun İspaniyaya planlaşdırılan işgüzar səfəri çərçivəsində əlaqələndirmə işlərinə, eləcə də gələcəkdə müxtəlif formatlarda tədbirlərin və görüşlərin təşkilinə dəstək göstərməyə hazır olduğu bildirilib.
Tərəflər həmçinin Madrid Ticarət, Sənaye və Xidmətlər Palatası və AZPROMO nümayəndələri arasında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi istiqamətində fikir mübadiləsi aparıb. Qurumlar arasında müvafiq sazişin imzalanması üçün məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.