AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

İçərişəhərdə Milli Xalça Festivalı başa çatıb

4-5 may 2024-cü il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə “İçərişəhərdə Milli Xalça Festivalı keçirilib. 5 May – Xalçaçı Gününə həsr olunmuş festival zamanı xalçalarla bəzədilən “İçərişəhər” ziyarətçilərə əsl bayram ab-havası yaşadıb. 

Festival çərçivəsində xalçaçılıq sənətinə həsr edilən bir sıra tədbirlərlə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə ithaf olunan Rəşad Ələkbərovun müəllifi olduğu “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” və Tahir İmanovun müəllifi olduğu “Heydər Əliyev 100” eksklüziv sərgiləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Həmçinin Rüfət İsmayılın müəllif xalçalarından ibarət sərgisi tələb görən sərgilər arasında yer alıb.  

Təşkil olunan digər tədbirlərə açıq səma altındakı xalça sərgiləri, 19-cu əsrə aid qədim xalçaların nümayişi, 3D formatında toxunan “Bağçada meyvələr” sərgisi, “Gül xalçası” nümayişi, xalça toxuma sənəti ilə bağlı maarifləndirici seminarlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının SABAH qruplarının da iştirak etdiyi uşaqlar üçün ustad dərsləri daxildir. “Azərxalça” ASC-nin Azərbaycanın 14 regionundan gəlmiş toxucu və emal komandası qonaqlara dəzgah üzərində xalçatoxuma sənəti ilə bağlı maraqlı dərslər təqdim ediblər. Xalçanın ərsəyə gəlmə mərhələləri, yəni yunun əyrilməsindən tutmuş, ipliklərinin boyanması, xalçanın kəsilməsi, yandırılması, dartılması və yuyulmasınadək əyani şəkildə göstərilməsi festival iştirakçıları arasında maraqla izlənilən nümayişlər arasında olub.  

Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Milli Xalça Muzeyinin təqdimatı ilə görmə qabiliyyəti məhdud olan insanlar üçün “Sərhədsiz muzey” adlı inklüziv sərgi təşkil olunub. Xüsusi inklüziv sərginin ziyarətçiləri sırasında 5№-li Respublika xüsusi İnternat məktəbinin şagirdləri də olublar. Festivalda həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə məktəblərinin əl işlərinin sərgisi uğurla nümayiş olunub.  

İçərişəhərdə çəkilmiş və xalça görüntüləri ilə zəngin “Arşın mal alan” filminin açıq səma altında nümayişi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının göstərdiyi interaktiv teatr tamaşası isə festivala xüsusi rəng qataraq, sakinlər və festival ziyarətçiləri tərəfindən maraqla izlənilib. Qoşa Qala meydanındakı konsert proqramı bayram əhvalı bəxş etməklə yanaşı, Şirvanşahlar Sarayında Beynəlxalq Muğam Mərkəzinin nəzdində Cahangir Cahangirov adına xorun təqdim etdiyi musiqi ifaları yerli və xarici qonalar tərəfindən anşlaqa səbəb olub. Festival çərçivəsində həmçinin yerli brendlərin yarmarkası keçirilib. 

Xüsusi qeyd etməliyik ki, tədbir zamanı həmçinin İçərişəhərin sakinləri və sahibkarları fəal iştirak edərək, ev və obyektlərin fasadlarını, eyvanlarını xalçalarla bəzəməklə, Milli Xalça Festivalına töhfə qatıblar.   

Qeyd edək ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərin ev sahibliyi edəcəyi Milli Xalça Festivalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis edilmiş Xalçaçı Günü peşə bayramına həsr edilir və UNESCO-nun Qeyri-maddi mədəni irs nümunələri siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənətinin təşviqi və yaşadılması missiyasını daşıyır.