Stenddə ölkəmizin biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.
Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan") sərgiləri keçirilir. Hər iki sərginin rəsmi tərəfdaşı qismində çıxış edən İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO "InterFood Azerbaijan" sərgisində stendlə təmsil olunur.
“Made in Azerbaijan” və “Invest in Azerbaijan” hissələrindən ibarət AZPROMO stendində ölkəmizin biznes və investisiya imkanları, ixracatçılara göstərilən dəstək mexanizmləri, investisiya layihələri barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim edilir, ixrac məhsullarına dair videoçarxlar nümayiş olunur. Stenddə həmçinin yeni əlaqələrin qurulması məqsədilə görüşlərin keçirilməsi üçün xüsusi yer ayrılıb.
Sərgi 17 may tarixinədək davam edəcək.
Qeyd edək ki, hər il dünyanın 20-dən çox ölkəsindən minlərlə peşəkar ziyarətçini qəbul edən "InterFood Azerbaijan" sərgisi Xəzəryanı regionda qida sənayesi iştirakçılarının əsas görüş yerlərindən biridir. Sərginin məqsədi keyfiyyətli məhsulları bazara çıxarmaq, habelə iştirakçılar ilə ziyarətçilər arasında birbaşa əlaqə yaratmaqdır.