Tədbirdə Azərbaycanla Aİ və İtaliyanın strateji əlaqələrinin cari vəziyyəti və genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb, ölkəmizin ticarət və investisiya potensialı təqdim olunub.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM), İtaliyanın Asiya üzrə İnstitutu (ISIA) və “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin birgə təşkilatçılığı ilə İtaliya Respublikası Senatında “İtaliya, Aİ və Azərbaycan arasında ikitərəfli əlaqələr – Enerji təhlükəsizliyi və xarici siyasət” adlı konfrans keçirilib. İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO sözügedən tədbirdə təmsil olunub.
Konfransın açılış mərasimində ISIA-nın prezidenti Mario Morqoni, İtaliya Parlamenti Deputatlar Palatasının istehsalat fəaliyyəti komissiyasının katibi Luka Skueri və BMTM-nin sədri Fərid Şəfiyev İtaliya, Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında ikitərəfli siyasi və iqtisadi əlaqələrin sürətli inkişafı, o cümlədən ölkələrin bu münasibətlərin dinamikasının artan xətlə davam etməsi üçün müxtəlif platformalarda göstərdiyi səylər, yaradılan imkanlar və potensial fürsətlər haqqında danışıblar.
Tədbirdə İtaliya və Azərbaycanın təhsil və təhlil qurumlarının nümayəndələri ölkəmizin Asiyanı Avropa ilə əlaqələndirən Orta Dəhliz təşəbbüsünün ərsəyə gəlməsində oynadığı həlledici rol, sözügedən marşrutun açdığı geniş əməkdaşlıq imkanları, Azərbaycanın Aİ və İtaliya ilə qurduğu strateji enerji tərəfdaşlığı və ölkəmizin ev sahibliyi edəcəyi COP29 – BMT-nin növbəti iqlim dəyişikliyi konfransının yaratdığı imkanlar haqqında danışıblar. Tədbirdə çıxış edən AZPROMO-nun nümayəndəsi ölkəmizin iqtisadi potensialı, investisiya və ixrac imkanları barədə təqdimatla çıxış edib.
Qeyd edək ki, konfransda İtaliya parlamentinin üzvləri, digər dövlət qurumları və özəl təşkilatların təmsilçiləri iştirak ediblər.