İki ölkənin biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsinin vacibliyi müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə görüşüb.
Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi baxımından biznes dairələri arasında münasibətlərin intensivləşdirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsinin vacibliyini qeyd edib. AZPROMO-nun sahibkarlar arasında əlaqələndirmə prosesində aktiv rol oynadığı və bu müstəvidə cari ilin 26 sentyabr tarixində Bakıda keçiriləcək Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) İqtisadi Forumunun əhəmiyyəti diqqətə çatdırılıb.
Səfir İssam bin Saleh əl-Cuteyli Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mövcud siyasi əlaqələr yüksək qiymətləndirərək iqtisadi əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcud olduğunu vurğuladı. Bildirildi ki, bu ilin 30 sentyabr tarixində Səudiyyə Ərəbistanının 70-dək böyük şirkəti Azərbaycana səfər edəcək.
AZPROMO tərəfindən sözügedən şirkətlərlə yerli sahibkarlar arasında əlaqələrin qurulması ilə bağlı lazımi dəstəyin göstəriləcəyi diqqətə çatdırıldı.