AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

Azərbaycan stendində ölkəmizə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri nümayiş olunur.

"Shanghai World Expo" Sərgi və Konqres Mərkəzində Çin Xalq Respublikasının Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 7-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – CIIE 2024) keçirilir. Sərgidə 100-dən çox ölkənin şirkətləri məhsul və xidmətlərini nümayiş etdirir.

Azərbaycanın vahid ölkə stendi İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə sərgidə təqdim olunur. Belə ki, stenddə ölkəmizin turizm, innovasiya, "yaşıl" enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət və xalçaçılıq sahələrində əldə etdiyi nailiyyətlər və perspektivləri, Kəlbəcərdə yeni açılan “İstisu” mineral su zavodunun fəaliyyəti, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti haqqında məlumatlar, potensial investisiya layihələri, eləcə də “Made in Azerbaijan” brendi altında ixrac olunan məhsulların geniş çeşidi nümayiş etdirilir. Ziyarətçilər Azərbaycan şirkətləri tərəfindən istehsal edilən şərab, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, nar şirəsi və s. məhsulları yaxından tanımaq imkanı əldə edib. Bundan başqa, müxtəlif dequstasiya tədbirləri də keçirilib və ziyarətçilərə Azərbaycan məhsulları haqqında ətraflı məlumatlar əks olunan kataloqlar təqdim edilir. Stenddə həmçinin B2B görüşlər üçün xüsusi məkan ayrılıb.

Şanxayda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti CIIE 2024 sərgisini ziyarət edib, həmçinin Azərbaycan stendində sərgilənən məhsul və xidmətlərlə tanış olub.

Sərgi noyabrın 10-dək davam edəcək.