AZ
ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
San-Serif
Serif
ŞƏKİLLƏRİN TƏSVİRİ

AZPROMO "SustainabITALY" tədbirində iştirak edib

Tədbirdə Azərbaycan və İtaliya arasında dayanıqlı tərəfdaşlıq, “yaşıl” inkişaf və infrastruktur sektorları üzrə birgə fəaliyyət müzakirə olunub, AZPROMO və OICE arasında memorandum imzalanıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO COP29 çərçivəsində İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyi, İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, İtaliya Ticarət Agentliyi (ITA), İtaliya Özəl Tikinti Assosiasiyası və İtaliyanın Mühəndislik, Memarlıq və Texniki-İqtisadi Konsaltinq Təşkilatları Assosiasiyasının (OICE) birgə təşkilatçılığı ilə keçirilən "SustainabITALY" adlı tədbirdə təmsil olunub.

Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələrimiz arasında qarşılıqlı işgüzar səfərlərin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə böyük töhfə verdiyini və İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb. Bildirilib ki,  bu il AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan şirkətləri İtaliyanın Rimini şəhərində ilk dəfə “Macfrut 2024” beynəlxalq sərgidə “Made in Azerbaijan” vahid ölkə stendində məhsullarını nümayiş ediblər.

ITA-nın Asiya və Okeaniya ofisinin meneceri Marko Forzini və OICE-nin sədr müavini Fabio Pinton İtaliya və Azərbaycan arasında “yaşıl” iqtisadiyyat çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, ölkələrimizin dayanıqlı inkişaf məqsədləri üzrə qoyduqları hədəflərə çatmaq üçün dayanıqlı infrastruktur sektorunda həyata keçiriləcək ortaq təşəbbüslər vacib rol oynaya bilər. Tədbirdə həmçinin İtaliyanın İnfrastruktur və Nəqliyyat Nazirliyinin Nazirlər Kabineti Aparatının rəhbəri Alfredo Storto İtaliyanın dayanıqlı infrastruktur və nəqliyyat sektorlarında həyata keçirilən layihələr barədə danışıb, Azərbaycan-İtaliya investisiya tərəfdaşlığının potensialını yüksək qiymətləndirib. 

Tədbir çərçivəsində AZPROMO və OICE arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycan və İtaliyanın konsaltinq şirkətləri arasında birgə fəaliyyətin, o cümlədən yaşıl əməkdaşlığın təşviqini nəzərdə tutur.

Qeyd edək ki, “SustainabITALY” platformasında inşaat mühəndisliyi, memarlıq, texniki konsaltinq, layihələrin idarəetməsi, infrastruktur, texnologiya və innovasiyalar, biznes və digər prioritet sektorlarda işgüzar münasibətlərin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.