Görüşdə potensial layihələrin birgə reallaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Misirin planlaşdırma və iqtisadi inkişaf nazirinin Strateji tərəfdaşlıq, mükəmməllik və təşəbbüslər üzrə köməkçisi Hişam Bədrin rəhbərlik etdiyi Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüsü (NISGP) üçün qalib seçilən layihələrin sahiblərindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin təşkilatçılığı ilə Bakı və Qahirədə baş tutan Misir və Azərbaycanın biznes dairələri arasında görüşlərin iqtisadi əlaqələrimizin gücləndirilməsinə möhkəm zəmin yaratdığını vurğulayıb. Görüşdə AZPROMO-nun fəaliyyət istiqamətləri, eləcə də Agentliyin Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) ilə qurulan əməkdaşlıq əlaqələri haqqında məlumat verilib.
Nazir köməkçisi Hişam Bədr NISGP təşəbbüsünə daxil olan “yaşıl” enerji, kənd təsərrüfatı, su idarəetmə texnologiyaları, tullantıların idarə edilməsi, sənaye və innovasiyalar kimi sahələri əhatə edən layihələrin yaratdığı potensial tərəfdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Qeyd edilib ki, təklif olunan 18 potensial layihənin birgə reallaşdırılması həm Misirdə, həm də ölkəmizdə dayanıqlı inkişaf məqsədlərinə çatmağa böyük töhfə verə bilər.