Monteneqro ilə turizm sektorunda əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
COP29 çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə Monteneqronun turizm naziri Simonida Kordicin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən COP29 çərçivəsində AZPROMO-nun təşkilatçılığı keçirilən tədbirlər, həmçinin Yaşıl və Mavi zonalarda “Ticarət və İnvestisiya Evi” stendləri haqqında məlumat verib. Bildirilib ki, ölkələrimiz arasında investisiya tərəfdaşlığı inkişaf edir və bu xüsusda AZPROMO-nun təşkilatçılığı ilə bu il baş tutan Monteneqro-Azərbaycan biznes forumu vurğulanıb.
Monteneqronun turizm naziri Simonida Kordic turizm sektorunun ölkəsi üçün strateji xarakter daşıdığını və ÜDM-nin 30%-ni təşkil etdiyini diqqətə çatdırıb. Turizm və qonaqpərvərlik sahəsinin inkişafının Monteneqronun dayanıqlı inkişaf üzrə məqsədləri ilə sıx uzlaşdığını qeyd edən nazir bu sahəyə cəlb olunan investisiyaların həm iqtisadiyyatın sabitliyinin, həm də ətraf mühitin qorunması baxımından vacib olduğunu bildirib.
Görüşdə Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğunu və bu tendensiyanın davam etdirilməsi üçün görülə biləcək işlər barədə bəhs edilib. Bununla bağlı 2025-ci ilin əvvəlində AZPROMO tərəfindən Monteneqroda ölkənin təqdim etdiyi investisiya layihələri və investisiya iqlimi ilə tanışlıq məqsədilə hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə görüşün təşkil olunmasına dair ilkin razılıq əldə olunub.