Tədbirdə Azərbaycan və türk dövlətləri arasında iqtisadi əlaqələr, ixracın genişləndirilməsi istiqamətində görülən təşəbbüslərlə bağlı müzakirələr aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO Azərbaycan Françayzinq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Turan E-ticarət və E-İxracat Forumu”nda təmsil olunub.
Tədbirdə Azərbaycan Françayzinq Assosiasiyasının İdarə Heyətinin sədri Camid Mövsümov tədbirdə “Made in Turan” brendi ilə iştirakçılara təqdim edilən məhsulların gələcəkdə təkcə qida deyil, həm də qeyri-qida məhsullarını, ümumilikdə bir sıra əmtəə və xidmətləri nəzərdə tutduğunu qeyd edib. O, françayzinqin türk dövlətlərinin yerləşdiyi regionda e-ticarət və e-ixracatın genişlənməsi üçün əsas vasitələrdən biri olduğunu vurğulayıb.
Forumda çıxış edən AZPROMO-nun nümayəndəsi Azərbaycan-türk dövlətləri iqtisadi əlaqələri barədə danışıb, Agentliyin fəaliyyət istiqamətləri, o cümlədən təsdiqlənməsi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi haqqında məlumat verib. Tədbirdə həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Mərkəzi Bank, Qazaxıstan Xarici Ticarət Palatası, Qazaxıstan “QazTrade” ASC və özəl sektorun nümayəndələri çıxış ediblər.
Forum "E-ticarət və e-ixracatda regionların potensialı" və "Startapların e-ticarət və e-ixracatda rolu" panel sessiyaları ilə davam edib.