Sessiyada "Made in Italy" təcrübəsindən öyrənilən yanaşmaların "Made in Azerbaijan" brendinin inkişafında tətbiqi və milli brendin qlobal bazarlarda möhkəmlənməsi perspektivləri müzakirə olunub.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ADA Universitetinin Biznes Məktəbi ilə İtaliyanın Luiss Universiteti arasında “Qlobal İdarəetmə və Siyasət” (GMAP) ixtisası üzrə ikili diplom magistr proqramının "Made in Azerbaijan" tədris planının təqdimatı məqsədi ilə təşkil olunan müzakirə sessiyasında iştirak edib. Bir sıra müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi sessiya zamanı "Made in Azerbaijan" brendinin beynəlxalq səviyyədə tanıdılması imkanları müzakirə edilib.
AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev "Made in Azerbaijan" brendinin beynəlxalq arenada tanıdılması istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, "Made in Italy" təcrübəsinin Azərbaycanın ixrac potensialını artırmaqda mühüm rol oynayacaq və ADA Universiteti ilə birgə həyata keçirilən tədris proqramının bu istiqamətdə mühüm töhfə verəcək.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov bu təşəbbüsün Azərbaycan məhsullarının qlobal rəqabət qabiliyyətini artırmaq baxımından əhəmiyyətini, Luiss Universitetinin marketinq praktikası fənni üzrə professoru Marko Mazzu və lüks menecment praktikası fənni üzrə professoru Karlo Fei "Made in Italy" təcrübəsi barədə məlumat veriblər. "Made in Azerbaijan" tədris proqramından əldə ediləcək biliklərin milli brendin beynəlxalq bazarda möhkəmlənməsi üçün əhəmiyyət daşıyacağı vurğulanıb.
Sessiya “Made in Italy” təcrübəsi ilə "Made in Azerbaijan" brendinin inkişaf perspektivlərinin strateji yanaşmalar əsasında müzakirəsi ilə davam edib.